Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başladığı “Bir-birimizi qoruyaq!” aksiyası çərçivəsində könüllülər Lənkəran, Cəlilabad və Masallı rayonlarının mərkəzi küçələrində, parklarda, ictimai iaşə obyektlərində, bank və poçt şöbələrində, xəstəxanalarda, ictimai nəqliyyatda, ATM-lərin qarşısında və digər yerlərdə karantin rejiminin yumşaldılması şəraitində davranış qaydalarına dair ictimai maarifləndirmə işini davam etdirirlər.
Yüzlərlə könüllünün iştirakı ilə gün ərzində davam edən təşviqat aksiyası zamanı insanların kütləvi toplaşmaması, sosial məsafənin saxlanılması, qoruyucu maskalardan istifadə edilməsi, dezinfeksiya və ictimai nəzarət tədbirləri həyata keçirilir.
Könüllülər ara məsafəsinin gözlənilməsi məqsədilə bankomatların qarşısında dairələr çəkərək, vətəndaşları öz növbələrini həmin dairələrin üzərində gözləməyə dəvət edir, bankomatlardan və ödəmə terminallarından istifadə edən müştərilərin əllərini, həmçinin, bankomat və ödəmə terminallarını dezinfeksiya edirlər.
Bununla yanaşı, kampaniya çərçivəsində gənclər küçədə qoruyucu vasitələrsiz gəzən şəxsləri tibbi maska və əlcəklərlə təmin edir, tibbi maskadan istifadə edənlərə isə təşəkkür məqsədilə kiçik hədiyyə təqdim edirlər.
Həmçinin, zəruri olduğu halda, koronavirusa yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi qaydalar barədə ətraflı məlumat verilir. Könüllülərin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən fəaliyyətləri növbəti günlərdə də aktiv şəkildə davam edəcək.
“Bir-birimizi qoruyaq!” aksiyası dünəndən etibarən ölkəmizin əksər şəhər və rayonlarında fəal şəkildə davam etdirilir.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci ildə formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.