“Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər çərçivəsində növbəti görüş baş tutub
İyul 27,2020 16:06
Könüllülərin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində yorulmaz fəaliyyətlərini nəzərə alaraq Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən “Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər keçirilir.
Görüşlərin ikinci həftəsonu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə baş koordinatoru Tural Hümbətov ilə baş tutan görüşlə yadda qalıb. 26 iyul tarixində keçirilən görüş zamanı könüllülüyün bu gün və gələcək qarşısında daşıdığımız məsuliyyət olduğu, bu məsuliyyətin isə əsasında vətənimizə, ümumən bütün dünyaya olan sevgi dayandığı vurğulanıb. Həmçinin qeyd olunub ki, könüllülük uğurlu karyeraya açılan pəncərədir, gələcək karyeramız ilə bağlı yaranan bütün suallara könüllü olduğumuz zaman cavab tapırıq və bu cəmiyyətdə düzgün istiqamətlənməyizə təkan verir. Beləliklə, könüllülük həm yeni keyfiyyətlər qazandırır, həm də sahib olduqlarımızı inkişaf etdirmək imkanı yaradır.
Görüş könüllüləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib, geniş fikir mübadiləsi aparılıb.
Sonda, gənclərə müasir informasiya platformaları üzərindən təxribatçı düşmənin yaydığı həqiqəti əks etdirməyən məlumatların qarşısının alınmasında və onlara layiqli cavabın verilməsində birgə təbliğat aparmaq üçün çağırış edilib.
Qeyd edək ki, könüllülər hər həftəsonu onlayn formatda Mərkəzə üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.