"Motivasiya Dərsi" adlı onlayn silsilə görüşlər çərçivəsində bu həftəsonunun qonağı "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev olub.
Görüş zamanı Kamran Əliyev qeyd edib ki, humanist dəyərləri özündə əks etdirən könüllülük fəaliyyəti cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir. 2020-ci ilin "Könüllülər İli" elan edilməsinin gənclərdə daha da inam və həvəs yaratdığını, onları durmadan çalışmağa səslədiyini bildirib. Həmçinin, artıq müxtəlif sahələrdə mütəşəkkil hal alan könüllülüyün gənclərin gələcək planlarını müəyyənləşdirə bilmək üçün bir yol və ya fürsət olduğunu vurğulayıb. Görüşün sonunda, gəncləri maraqlandıran suallar cavablanıb, onlarla geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, könüllülər hər həftəsonu onlayn formatda İttifaqa üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.