20-ə yaxın könüllü təşkilatlarını birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) Beynəlxalq Könüllülük proqram və təşkilatlarına müraciət ünvanlayıb.
Müraciətdə bildirilir:⤵️
“27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq müharibə zonasından uzaqda olan Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Daşkəsən, Gəncə, Goranboy, Xızı, Mingəçevir, Tərtər və Yevlax istiqamətində sivil əhaliyə raket və bombalarla hücum etmişlər.
Dinc əhaliyə və infrastruktura qəsdən atəş etməklə, silahlı qarşıdurmada mülki şəxslərin müdafiəsini təmin edən bütün beynəlxalq hüquq normaları, xüsusən 1949-cu il Cenevrə Konvensiyası və onların Əlavə Protokolları, eləcə də BMT Baş Assambleyasının bir sıra qərarları ermənilər tərəfindən pozulmuşdur.
10 oktyabr 2020-ci ildən bəri humanitar atəşkəsə riayət edilməsinə dair razılığa baxmayaraq, Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı hərbi əməliyyatlar davam etdirməkdədir.
Ermənistan təcavüzünün ən dəhşətli məqamlarından biri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə 11 oktyabr tarixində gecə saatlarında Scud ballistik raketinin atılması idi. Nəticədə 3 yaşayış binası darmadağın edildi, 10 nəfər həlak oldu, 34 nəfər yaralandı.
Beynəlxalq hüquq, xüsusilə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, bu hərəkətləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər olaraq təyin edir. Hər hansı bir münaqişə tərəfinin mülki əhalini hədəf alması üçün nə hüquqi, nə də mənəvi bir əsası yoxdur."
Müraciətdə ümumbəşəri dəyərlərə hörmət etməyin vacibliyi qeyd olunub. Eyni forma geyinərək birlik nümayiş etdirən könüllülərin milliyyət, irq, din, yaş, cinsiyyət, siyası görüş fərqi olmadan cəmiyyətə töhfə verməyin insanlığın borcu olduğu vurğulanıb.
Dünyada sülhün və birliyin rəmzi kimi könüllülər Dünya Könüllülərini Ermənistanın təcavüzünə və beynəlxalq humanitar normaların pozulmasına qarşı səssiz qalmamağa çağırıb.