4 dekabr 2020-ci il tarixində Azərbaycan könüllülərinin vahid portalı olan konullu.az elektron portalının onlayn formatda təqdimatı keçirilib. 400-dən çox gəncin qoşulduğu təqdimatın “Könüllülər İli” çərçivəsində 5 dekabr Beynəlxalq Könüllülər günü ərəfəsində keçirilməsi təsadüfi deyildir.
Könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə baş tutan təqdimat mərasiminin açılışında ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşün davamında çıxış edən iştirakçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsini, eləcə də, qəhrəmanlarımızın ölkənin gələcəyi və torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaəti xüsusi qeyd ediblər.
Portal könüllü fəaliyyətinə başlamaq istəyən gənclər üçün əla fürsətlər yaradır, vahid platforma vasitəsilə dövlət qurumları tərəfindən təşkil olunan könüllü fəaliyyəti elektronlaşdırılır.
Portala daxil olaraq gənclər AKTİ-nin fəaliyyəti və müxtəlif qurumlarda mövcud olan könüllülük elanları ilə yaxından tanış ola, maraq göstərdikləri sahə üzrə qurumun əvvəlcədən müəyyənləşdirdiyi elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Bundan sonra qurum tərəfindən çevik şəkildə gəncin daxil etdiyi məlumatları nəzərdən keçirilərək qiymətləndirilir.
Portal müxtəlif qurumların nəzdində fəaliyyət göstərən könüllü təşkilatları və proqramları haqqında da geniş məlumat əldə etmək, eyni zamanda planlaşdırılan müxtəlif layihə və tədbirlər barədə operativ şəkildə xəbərdar olmaq imkanı yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan elektron portalın könüllülüyün inkişafına təkan vermək və könüllü fəaliyyətinin səmərəli təşkili istiqamətində funksiyalarının daha da genişləndiriləcəyi qeyd olunub.
Təqdimatda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Şahin Seyidzadə, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli çıxışları zamanı Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib, ölkəmizdə könüllülüyün inkişafı istiqamətində portalın əhəmiyyətindən danışıblar.
Təqdim olunan portal dövlət başçısının 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamı çərçivəsində xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini, eləcə də milli-mənəvi dəyərlərə bağlılığı əsas prinsipləri kimi qəbul edən gənclər siyasətinin növbəti uğuru kimi qeyd olunmuşdur.