"Könüllülər ili”nə töhfə olaraq RİİB tərəfindən Şamaxıda “Könüllülər” parkı istifadəyə verilib

Dekabr 22,2020 10:49

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili”nin elan edilməsi ilə əlaqədar Şamaxı könüllülərinin təşəbbüsü əsasında “Regional İnkişaf” İctimai Birliyinin yaratdığı “Könüllülər” parkı istifadəyə verilib.

Gənclər layiqli vətəndaş kimi yetişmək, inkişaf etmək və özünə uğurlu karyera qurmaq istəyən hər bir gəncin yolunun könüllülükdən keçdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gənclərə olan yüksək inamı və etimadı nəticəsində son illər Azərbaycanda könüllülük hərəkatının genişləndiyini, dövlət qurumları və ictimai təşkilatların fəaliyyətlərinə könüllülər cəlb edərək bu hərəkatın fəal iştirakçısına çevrildiyini, ölkə gənclərinin də onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışdıqlarını bildirirlər.

Gənclər “Könüllülər ili”nə töhfə olaraq parkın istifadəyə verilməsini ölkə rəhbərliyinin könüllülərin əməyinə verilən dəyər kimi qiymətləndiriblər. Parkda vaxtlarının səmərəli keçməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Ümumi sahəsi 3 900 m² olan parkın yaşıllıq sahəsi 2 700 m², gəzinti sahəsi isə 1200 m²-dir. Park suvarma sistemi ilə təmin olunub, ehtiyat su anbarları inşa edilib, elektrik xətləri, asfalt örtüyü və istinad divarları yenidən bərpa olunaraq, müxtəlif idman qurğuları quraşdırılıb, parkın kənarları boyunca piyada zolaqları salınıb.