30 dekabr tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində müxtəlif könüllü təşkilatlarının nümayəndələri, eləcə də xaricdə və ölkəmizdə yaşayan Azərbaycan gəncləri və könüllülərinin iştirakı ilə həmrəylik görüşü keçirilib.
Onlayn formatda keçirilən görüşdə xaricdə və ölkəmizdə yaşayan gənclərin birgə fəaliyyətlərinin əlaqələndirilməsi, pandemiya və Vətən müharibəsi dövrlərində könüllülərin müxtəlif istiqamətlərdə həyata keçirdikləri yardım aksiyaları, informasiya cəbhəsində düşmən təxribatlarının qarşısının alınması məqsədilə gördükləri işlər haqqında ətraflı müzakirələr aparılıb və gənclər öz şəxsi təcrübələrini bölüşüblər.
Bildirilib ki, müxtəlif ölkələrdə yaşayan gənclərimiz 44 günlük Vətən müharibəsi dövründə güclərini səfərbər edib, sosial media platformalarında və xarici ölkələrdə keçirilən aksiyalarda bütün dünyaya Qarabağla bağlı həqiqətləri çatdıraraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini qəti şəkildə pisləyib, dövlət başçımıza, ordumuza və əsgərlərimizə xüsusi dəstək nümayiş etdiriblər.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov ölkəmizə qarşı hərbi təxribatlar və işğalçılıq siyasəti fonunda həm vətəndə, həm də xaricdə yaşayan və təhsil alan gənclərimizin birliyinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti sayəsində düşmənə döyüş meydanında layiq olduqları cavabın verilməsi bütün dünyada yaşayan həmvətənlərimizin əvəzolunmaz sevinc və qürur hissi keçirmələrinə səbəb olub. Bu istiqamətdə gənclərimizin istər düşmənlə üz-üzə, istərsə də informasiya müharibəsində apardıqları mübarizənin olduqca yüksək qiymətləndirildiyi vurğulanıb.
Sonda tədbir iştirakçıları bir daha fəaliyyətlərinin səmərəli olmasında birlik və həmrəyliyin vacibliyini vurğulayaraq, Azərbaycan xalqının rifahı və ölkəmizin beynəlxalq səviyyədə uğurla təmsil olunması istiqamətində öz işlərini davam etdirəcəklərini bildiriblər.