Vətən müharibəsi iştirakçısı, “Regional İnkişaf” İctimai Birliyinin könüllüsü Azər Şükürov hərbi xidmətdən tərxis edildikdən sonra İctimai Birliyin ofisində könüllü dostları ilə görüşüb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda şərəfli döyüş yolu keçən Azər dostları ilə öz xatirələrini bölüşüb, onları maraqlandıran sualları cavablandırıb. Azər onun və əsgər yoldaşlarının amalının yalnız qələbə qazanmaq, bu yolda döyüş tapşırıqlarını layiqincə yerinə yetirmək olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərinin, verdiyi müjdəli xəbərlərin onları daha da ruhlandırdığını və Böyük zəfərə olan inamı hər keçən gün daha da artırdığını vurğulayıb. O, hər kəsin Ali Baş Komandanın ətrafında sıx birləşməsi sahəsində illərdir düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdiyimizi bildirərək, gənclərə bu şanlı tarixin yazılmasında iştirak imkanı yaratdıqlarına görə cənab Prezidentə, Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edib.
Görüşdə, həmçinin A.Şükürova “Könüllülər ili”ndə həyata keçirilən tədbirlərdə və aksiyalarda fəal iştirakına görə sertifikat da təqdim olunub.
Xatırladaq ki, 2020-ci ildə könüllü kimi xüsusi fəallıq göstərən A.Şükürov Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan Könüllülərinin III Həmrəylik Forumunda müharibə dövründə könüllülük kateqoriyası üzrə fərqlənərək minlərlə gənc arasından “İlin könüllüsü” mükafatına layiq görülmüşdü.