12 yanvar tarixində keçirilən iclas zamanı ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə təsis edilmiş Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni üzvlərin qəbulu həyata keçirilmişdir.
Onlayn formatda keçirilən iclas zamanı İttifaqa üzv olmaq üçün müraciət etmiş təşkilatlar müvafiq könüllülük proqramları və öz fəaliyyətləri haqqında təqdimatlar həyata keçiriblər. Yekunda idarə heyəti tərəfindən keçirilən səsvermə əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat könüllüləri” Proqramı, Bakı Gənclər Mərkəzinin “Yeni dövrün Yeni könüllüləri” Proqramı və “Elektron Sosial Aktivlik Sistemi (eSAS) Könüllüləri” İctimai Birliyi Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni üzvləri olaraq təsdiq olunmuşdur.
Xatırladaq ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara töhfə vermək məqsədilə formalaşdırılmış və bu müddət ərzində səmərəliliyini sübut etmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurətilə təsis edilmişdir.
İttifaqının üzvləri “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, "Diplomatiya Könüllüləri" Qrupu, “Gənc Könüllülər” Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "SƏLİS Könüllüləri" İctimai Birliyi, "Ədliyyə Könüllüləri" İctimai Birliyi, "Könüllü Qida Nəzarətçisi" Proqramıdır, “İslahat könüllüləri” Proqramı, “eSAS könüllüləri” İctimai Birliyi və Bakı Gənclər Mərkəzinin “Yeni dövrün Yeni könüllüləri” Proqramıdır.