Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair qaydalara əsasən, 65 yaşdan yuxarı olan şəxslərin təhlükəsizliyini qorumaq məqsədi ilə onlara evdən çıxmamaları tövsiyə olunmuşdur. Bu kateqoriyaya aid və tənha olan şəxslərə ən operativ köməklik göstərə biləcək şəxslər isə məhz qonşulardır.
Bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə sayca ikinci dəfə ölkənin bütün şəhər və rayonlarını əhatə edən “Könüllü Qonşu” akiyasına start verilib. Ötən ilin dekabrın ortasından başlayaraq 18 yanvar 2021-ci il tarixinədək davam edən sərtləşdirilmiş karantin rejimi dövründə könüllülər bu dövrün tələbləri ilə əlaqədar dərman, gündəlik ərzaq ehtiyaclarını almaq və məişət tullantılarını atmaq üçün evdən çıxa bilməyən qonşularına xüsusi qayğı və dəstək göstəriblər. Onlar yaşadıqları ərazidə qonşularının asanlıqla görə biləcəyi yerlərdə üzərində əlaqə vasitələri qeyd olunan elanlar yerləşdirərək hər an köməyə hazır olduqlarını bildiriblər.
İlk dəfə ötən ilin aprel ayında həyata keçirilən “Könüllü Qonşu” aksiyası çərçivəsində bu günə qədər Şəki, Zaqatala, Qəbələ rayonları da daxil olmaqla respublikanın 45-dən çox şəhər və rayonununda ümumilikdə 1200-dən çox könüllünün iştirakı ilə 2000-ə yaxın ailəyə yardım göstərilib. Könüllülər əsasən ehtiyacı olan insanlara, xüsusən kimsəsiz olan əlillərə və 65 yaşdan yuxarı tənha ahıllara gündəlik lazımi zəruri ehtiyaclarına dair dəstəyin göstərilməsini təmin ediblər.
Aksiyada olduqca böyük həvəslə iştirak edən könüllülər xalqımız arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfələrini verərək, ehtiyac yaranan bütün hallarda vətəndaşlarımıza hər zaman dəstək göstərməyə hazır olduqlarını nümayiş etdiriblər.
Xatırladaq ki, Azərbaycan Könülllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər bundan öncə də xalqımızın sosial rifahının yaxşılaşdırılması, eləcə də humanitar yardımların çatdırılması məqsədilə “Bir-birimizi qoruyaq!”, “Könüllü Donor”, “Böyüklərimizi qoruyaq!”, “Birlikdə Dəstək” kimi aksiyaların həyata keçirilməsində yaxından iştirak ediblər.