29 yanvar tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların nümayəndələrinin, 250-dən çox könüllünün və AKTİ Katibliyinin iştirakı ilə videokonfrans formatında “Könüllü qəhrəmanların yanvar görüşü” baş tutub.
Konfransda yanvar ayında könüllülər tərəfindən görülən işlər barədə məlumat verilib. Bildirilib ki, AKTİ-nin fəaliyyəti çərçivəsində pandemiya ilə mübarizə tədbirlərini davam etdirən könüllülər növbəti dəfə respublikanın 45-dən çox şəhər və rayonunu əhatə edən “Könüllü Qonşu” aksiyası çərçivəsində səfərbər olublar. İlk dəfə ötən ilin aprel ayında keçirilən aksiyada bu günə qədər 1200-dən çox könüllünün iştirakı ilə 2000-ə yaxın ailəyə yardım göstərilib. Könüllülər əsasən sərt karantin rejiminin tələbləri ilə əlaqədar evdən çıxa bilməyən və həssas kateqoriyaya mənsub vətəndaşlara gündəlik lazımi zəruri ehtiyaclarına dair dəstəyin göstərilməsini təmin ediblər.
Görüşdə müxtəlif təşkilatları təmsil edən və 44 günlük Vətən müharibəsi ərzində döyüşlərdə iştirak edərək böyük şücaət göstərmiş könüllülərin çıxışları baş tutub. Onlar Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı uğurlu döyüş əməliyyatlarından bəhs edib, keçdikləri döyüş yolu, qazanılan böyük Zəfərlə bağlı keçirdikləri qürur və sevinc hissini bölüşüb, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Bu müddət ərzində Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq məqsədilə informasiya müharibəsində könüllülərin nümayiş etdirdikləri birlik və həmrəyliyin olduqca yüksək qiymətləndirildiyi vurğulanıb.
Bundan əlavə, könüllülərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilən “Könüllülərin Fərdi İnkişaf Proqramı” çərçivəsində bir sıra tanınmış mentor və təlimçilər tərəfindən Excel və praktiki mühasibatlıq, eləcə də fərdi inkişaf və biznes sahələri üzrə onlayn formatda təlimlər həyata keçirilib. Bu günə qədər 500-dən çox könüllünün iştirak etdiyi layihənin qarşıdan gələn aylarda da davam etdirilməsi nəzərdə tutulub.
Konfrans növbəti aylarda görüləcək işlərlə bağlı müzakirələr və könüllülərin təkliflərinin dinlənilməsi ilə davam edib.