2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin 2020-ci il “Könüllülər ili”ndə görülmüş işlərin hesabatı, o cümlədən Miqrasiya könüllülərinin himninin və klipinin təqdimatı keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmətin rəisi Vüsal Hüseynov “Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətinin üzvləri və bir qrup fəal gənc, o cümlədən himnin yaradıcı heyətinin üzvləri - Xalq artisti Eldar Mansurov, “Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev və solistləri ilə görüşüb.
Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xidmət rəisi düşmən üzərində möhtəşəm Qələbə üçün Müzəffər Ali Baş Komandanın əmrini layiqincə yerinə yetirən, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla anaraq onların gənclərimizə nümunə olduğunu xüsusi vurğulayıb.
Sonra Vüsal Hüseynov gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib. Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunmasını dövlətimizin başçısının Azərbaycan gəncliyinə dəstəyinin və etimadının təzahürü olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə gənclərlə aparılan məqsədyönlü işlər, könüllülük fəaliyyəti gənclərin potensiallarının və dünyagörüşünün artırılmasında, məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Miqrasiya orqanlarında gənclərlə, o cümlədən könüllülərlə aparılan işin səmərəli təşkilindən bəhs edən Vüsal Hüseynov Miqrasiya könüllülərinin fəaliyyətini məmnunluqla vurğulayıb. Xüsusilə ötən il pandemiya ilə mübarizədə və ölkəmizin şanlı zəfər tarixi olan Vətən müharibəsində əhalinin məlumatlandırılmasında, informasiya cəbhəsində gənclərin sosial şəbəkələrdə aktivliyini yüksək qiymətləndirib. Miqrasiya könüllüləri himninin bəstəkarı Xalq artisti Eldar Mansurov, “Qaya” qrupunun üzvləri və yaradıcı heyətə təşəkkürünü bildirən Vüsal Hüseynov belə sosial layihələrdə ictimai xadimlərin, tanınmış insanların iştirakının gənclər üçün böyük stimul olduğunu vurğulayıb.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımovanın 2020-ci ildə Miqrasiya könüllülərinin fəaliyyəti və cari ildə nəzərdə tutulan layihələri barədə hesabatı dinlənilib.
Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov könüllü təşkilatları arasında fəallığı ilə seçilən Miqrasiya könüllülərini təbrik edib. Gənclər Fondu ilə birgə həyata keçiriləcək gələcək layihələrdəki fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Tədbirdə il ərzində fərqlənən könüllülərə Xidmət rəisi Vüsal Hüseynov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən diplomlar təqdim edilib.
Tədbirdə DMX-nin dəstəyi ilə Miqrasiya könüllülərinin və “Qaya” Dövlət Ansamblının birgə layihəsi olan “Miqrasiya könüllülərinin himni”nə çəkilmiş klipin təqdimatı olub.
“Miqrasiya könüllülərinin himni”nin musiqisi Azərbaycanın Xalq artisti Eldar Mansurova, sözləri DMX-nin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərova məxsusdur. Klipin rejissoru Fuad Əlişovdur. Himni könüllülər “Qaya” Dövlət Ansamblının solistləri ilə birgə ifa ediblər.
Tədbirdə çıxış edən Xalq artisti Eldar Mansurov Dövlət Miqrasiya Xidmətinin gənclərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Sonda “Qaya” qrupunun canlı ifası maraqla qarşılanıb.
Klipi https://www.youtube.com/watch?v=wgUuAm2WOIA keçidi vasitəsilə izləmək olar.