Azərbaycan Könüllü Təşkilatları İttifaqı ölkəmizdə “Könüllülər ili” elan olunan 2020-ci ildə ən fəal gəncləri mükafatlandırıb.
Könüllülər dörd fərqli kateqoriyada – “Pandemiya dövründə könüllülük”, “Müharibə dövründə könüllülük”, “Sosial könüllülük” və “Ekoloji könüllülük” kateqoriyaları üzrə “İlin Könüllüsü” mükafatı və hədiyyələrlə təltif olunublar.
Bildirilib ki, “Pandemiya dövründə könüllülük” və “Sosial könüllülük” kateqoriyalarının hər biri üzrə 17, “Müharibə dövründə könüllülük” üzrə 15, “Ekoloji könüllülük” üzrə 7 nəfər olmaqla ümumilikdə 56 gənc, iki təşkilat və 1 sosial təşəbbüs qrupu – “Biganə Qalma” komandası qalib elan edilib.
Təltif olunan təşkilatlar sırasında “IDEA” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi də var.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə "Könüllülər ili" çərçivəsində "İlin Könüllüsü" medalı təsis edilib. Azərbaycan könüllüləri ötən il Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən bir sıra humanitar aksiya və sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edib, pandemiya ilə mübarizədə və Vətən müharibəsi zamanı informasiya müharibəsində yüksək fəallıq göstərərək birlik və həmrəylik nümunəsi sərgiləyiblər.