Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral - Gənclər Günü bu il də gənclər təşkilatları tərəfindən birlikdə qeyd edilib.
Gənclər Təşkilatları Milli Şurası, İrəli İctimai Birliyi, Tələbə Gənclər Təşkilatları İttifaqı, Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Baş ofisi, Tələbə və Məzunlar Platformasının nümayəndələri birlikdə Fəxri Xiyabanı ziyarət ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi zəfər builki gənclər gününə xüsusi dəyər qatıb. Qalib dövlətin gəncləri olaraq Ulu Öndərin məzarı önündə baş əyən gənclər həyatı boyu onlara diqqət və qayğısını əsirgəməyən Ümummilli Lider Heydər Əliyevə öz dərin ehtiramlarını nümayiş etdiriblər.
Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər Vətən müharibəsində Azərbaycanın şanlı zəfər tarixini yazan şəhid qəhrəmanları ehtiram və hörmətlə yad edib, Azərbaycan gəncliyinin daha firavan və güclü dövlətdə yaşaması üçün canlarından keçən vətən övladlarının xatirəsini daim əziz tutacaqlarını və öz gələcək fəaliyyətləri ilə onların ruhlarını şad edəcəklərini vurğulayıblar.