Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi çərçivəsində Azərbaycan könüllüləri üçün Gənclər Gününə özəl vebinar baş tutub.
“Layihələrin idarə olunması” adlı vebinarda təlimçi qismində beynəlxalq təlimçi, Boğaziçi Universitetinin müəllimi Dr.Soner Şahan seminar keçirib. O, təlimə qatılan və bu sahəyə xüsusi maraq göstərən könüllüləri layihə menecmentinin əsasları və layihələrin strukturu ilə tanış edib, eləcə də effektiv kommunikasiya, vaxtdan səmərəli istifadə, gələcək hədəflərin düzgün müəyyən edilməsi kimi vacib anlayışlar haqqında məlumat verib.
İnteraktiv müzakirələrlə davam edən təlimdə Soner Şahan könüllülərin suallarını cavablandırıb, gələcək karyeralarını sözügedən sahə üzrə qurmaq istəyən gənclərlə öz tövsiyələrini bölüşüb. Görüşdən çox xoş təəssüratlarla ayrıldığını bildirən mütəxəssis Azərbaycan könüllülərinin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini və gənclərin gələcəkdə qardaş ölkənin rifahı üçün olduqca böyük işlər görəcəyini qeyd edib.
İki aya yaxındır ki, davam edən “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Bu müddət ərzində 700-ə yaxın gəncin iştirakı ilə bir sıra tanınmış mentor və təlimçilər tərəfindən Excel və praktiki mühasibatlıq, fərdi inkişaf və biznes sahələri üzrə onlayn formatda təlimlər baş tutub.
Könüllülərin böyük maraq göstərdiyi layihənin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.