ASAN könüllüləri 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Dinamik Gənclik Həftəsi” layihəsini gerçəkləşdiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bir həftə davam edən layihənin əsas məqsədi gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili olub. Bu istiqamətdə intellektual oyunlar, musiqi gecələri, ekskursiyalar, təlimlər, maarifləndirici görüşlər və s. müxtəlif tədbirlər reallaşdırılıb.
Layihə çərçivəsində Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Həmçinin ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda yad edilib.
Mərdəkan Dendrarisinə, “IDEA” Heyvanlara Qayğı Mərkəzinə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, “Cıdır Düzü” atçılıq mərkəzinə təşkil olunmuş ekskursiyalar zamanı könüllülər hər bir qurumun fəaliyyəti ilə yaxından tanış olublar.
ASAN könüllülərinin rəsmi “Facebook” hesabında canlı yayımlanan “Gənclik” intellektual viktorinası, o cümlədən şahmata olan həvəsin artırılması məqsədilə təşkil olunan “Onlayn şahmat turniri” gənclərin intellekt səviyyəsinin inkişafı istiqamətində gerçəkləşib.
Asudə vaxtın səmərəli təşkili üçün ekoçantalar üzərində rəsm çəkilməsi, xalça toxunması, dulusçuluq kimi maarifləndirici master-klasslar təşkil olunub.
Həmçinin “Anchor”, “Apple podcast”, “Google podcast”, “Radio public”, “Castbox”, “İtunes” və s. beynəlxalq platformalarda 9 müxtəlif mövzu üzrə podcastlar yüklənib.
“Gənc nəslin yumor anlayışı - Müasir Molla Nəsrəddinçilər” mövzusunda Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə ilə, “Milli və mənəvi dəyərlər - Müasir ədəbiyyat” mövzusunda yazıçı Çingiz Abdullayevlə, “İnformasiya müharibəsində gənclərin rolu” mövzusunda mütəxəssis Fərid Pərdəşünasla görüşlər keçirilib.
Xaricdə təhsil istiqamətində təşkil olunan “Education Hunting” tədbirində İtaliya, Almaniya, ABŞ, Kanada, İngiltərə, Latviya və Asiya ölkələrində təhsil imkanları ilə bağlı gənclər məlumatlandırılıblar.
“Dinamik Gənclik Həftəsi” layihəsi “Könüllülüyün həyatımızda və karyeramızdakı əhəmiyyəti” mövzusunda beynəlxalq təlimçi Işıl Şahanla görüş və ASAN könüllülərindən ibarət musiqi qrupunun konsert proqramı ilə yekunlaşacaq.